Bazar, 20 İyul 2025

Çat-botla ünsiyyət insan leksikonunu dəyişir

ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər. Onlar dil və mədəni müxtəlifliyin itməsi təhlükəsi barədə xəbərdarlıq ediblər. Maks Plank İnsan İnkişafı İnstitutundan olan tədqiqatçılar qrupu araşdırmanın ilkin, rəy verilməmiş versiyasını dərc ediblər. Onlar müəyyən ediblər ki, ChatGPT tərəfindən tez-tez istifadə olunan sözlər 2022-ci ildə bu məşhur süni zəka çat-botu ortaya çıxandan bəri insan nitqində də daha çox istifadə olunmağa başlayıb.

“GPT sözləri” siyahısına “anlamaq”, “fəxr etmək”, “sürətli”, “dəqiq” və ən çox rast gəlinən “dərindən araşdırmaq” kimi ifadələr daxil edilib.

Alimlər YouTube platformasında yerləşdirilmiş 360 445 akademik çıxışı və 771 591 podkast buraxılışını təhlil edərək belə qənaətə gəliblər ki, “dərindən araşdırmaq”, “sürətli”, “dəqiq” və “sorğu” kimi sözlər müxtəlif mövzular üzrə audio və video kontentlərdə həqiqətən də daha tez-tez işlədilməyə başlayıb. Tədqiqat müəllifləri bu dəyişikliyin müsbət və ya mənfi olub-olmadığını qiymətləndirmirlər, lakin onların fikrincə, aşkar olunan faktlar böyük dil modellərinin insan mədəniyyətinin formalaşmasına təsir göstərə biləcək özünəməxsus mədəniyyətə sahib olub-olmadığı barədə düşünməyə əsas verir. İnsan və süni zəka arasındakı qarşılıqlı əlaqə hər iki tərəfin dil təcrübələrinə uzunmüddətli təsir göstərə bilər. Alimlər xəbərdarlıq edirlər: bu mexanizm “mədəni əks əlaqənin qapalı dövrəsi”nin formalaşmasına səbəb ola bilər ki, bu zaman mədəniyyət elementləri insanlar və rəqəmsal sistemlər arasında qarşılıqlı şəkildə dövr edir.

Əgər bu təsir kifayət qədər uzun müddət davam edərsə və geniş yayılarsa, nəticədə mədəni homojenliyə - yəni müxtəlifliyin azalmasına səbəb ola bilər. “Tədqiqatda bildirilir ki, əgər süni zəka sistemləri müəyyən mədəni aspektlərə qeyri-proporsional şəkildə üstünlük verməyə başlasa, bu, mədəni müxtəlifliyin dağılmasını sürətləndirə bilər. Bu təhlükəni daha da artıran amil isə odur ki, gələcək süni zəka modelləri artıq insan tərəfindən gücləndirilmiş və süni zəka tərəfindən müəyyən edilmiş eyni şablonların üstünlük təşkil etdiyi məlumatlar əsasında təlim alacaq. Bu isə özünü təkrarlayan bir dövr yaradır. Müəyyən dil strukturlarının monopoliyalaşması fonunda yeni bir risk meydana çıxır: süni zəka modelinin dağılması ehtimalı. Bu riskin səbəbi isə odur ki, təlim prosesinə insanın cəlb olunması belə lazım olan məlumat müxtəlifliyini təmin etməyə bilər”.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1698353
Bu gün
Bu həftə
Bu ay
Ümumi
597
9740
31208
1698353
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.